CAMPADEMY

Hüquqi məlumat

CAMPADEMY DAXİLİ QAYDALARI

Proqram iştirakçıları, onların valideynləri və proqramın icrasında iştirak edən əməkdaşlar üçün davranış, təhlükəsizlik və təşkilati qaydalar.

I FƏSİL. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Daxili Qaydalar CAMPADEMY tərəfindən təşkil olunan bütün proqramlarda iştirak edən iştirakçılar, onların valideynləri (qanuni nümayəndələri) və proqramın icrasında iştirak edən əməkdaşlar üçün davranış, təhlükəsizlik və təşkilati qaydaları müəyyən edir.

1.2. Bu Qaydalar iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, proqramın səmərəli təşkili, qarşılıqlı hörmət mühitinin yaradılması və proqramın məqsədlərinə uyğun keçirilməsi məqsədi daşıyır.

1.3. Qaydalar CAMPADEMY tərəfindən təşkil olunan bütün gündüz, düşərgə, yay məktəbi, təlim, seminar, ekskursiya, layihə və digər proqramlara şamil edilir, əgər konkret proqram üzrə ayrıca qaydalar müəyyən edilməmişdirsə.

1.4. Valideyn qeydiyyat zamanı bu Daxili Qaydalarla tanış olduğunu və onları qəbul etdiyini elektron qaydada təsdiq edir.

1.5. Valideyn bu Qaydaların tələblərini iştirakçıya izah etməli və onların yerinə yetirilməsinə dəstək göstərməlidir.

1.6. İştirakçı proqram müddətində CAMPADEMY əməkdaşlarının qanuni göstərişlərinə, təhlükəsizlik tələblərinə və proqram çərçivəsində müəyyən edilmiş qaydalara əməl etməlidir.

1.7. CAMPADEMY bu Qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dəyişdirmək və ya yeniləmək hüququnu özündə saxlayır. Dəyişikliklər rəsmi internet səhifəsində dərc edildiyi tarixdən qüvvəyə minir və növbəti qeydiyyatlar zamanı tətbiq edilir.

Qeyd: Mövcud proqramda iştirak edən valideyn və iştirakçılar üçün proqram müddətində tətbiq olunan qaydalar qeydiyyat zamanı qüvvədə olan redaksiyadır, əgər dəyişiklik təhlükəsizlik və ya qanunvericiliyin tələblərindən irəli gəlmirsə.

1.8. Bu Daxili Qaydalar Valideyn ilə CAMPADEMY arasında bağlanmış Müqavilənin ayrılmaz tərkib hissəsidir və onunla birlikdə tətbiq edilir. Müqavilə ilə bu Qaydalar arasında ziddiyyət yarandıqda Müqavilənin müddəaları üstün tutulur.

1.9. Bu Qaydalarda istifadə olunan və ayrıca izah edilməyən terminlər Valideyn ilə CAMPADEMY arasında bağlanmış Müqavilədə onlara verilmiş mənada başa düşülür.

II FƏSİL. QEYDİYYAT VƏ PROQRAMDA İŞTİRAK

2.1. Proqramda iştirak yalnız CAMPADEMY-nin rəsmi internet səhifəsi və ya CAMPADEMY tərəfindən müəyyən edilmiş digər rəsmi qeydiyyat kanalları vasitəsilə həyata keçirilir.

2.2. Qeydiyyat zamanı Valideyn Iştirakçı və özü haqqında tələb olunan məlumatları tam, düzgün və aktual şəkildə təqdim etməlidir.

2.3. Valideyn proqram müddətində təqdim etdiyi məlumatlarda dəyişiklik baş verdiyi halda (əlaqə məlumatları, sağlamlıq vəziyyəti, fövqəladə əlaqə şəxsi və digər əhəmiyyətli məlumatlar) bu barədə CAMPADEMY-ni mümkün olan ən qısa müddətdə məlumatlandırmalıdır.

2.4. Qeydiyyat formasının göndərilməsi iştirakın avtomatik təsdiq edilməsi demək deyildir. İştirak yalnız CAMPADEMY tərəfindən qeydiyyatın təsdiq edilməsindən, müəyyən edilmiş ödənişin tam şəkildə həyata keçirilməsindən və qeydiyyatın tamamlanması barədə Valideynə elektron bildiriş göndərilməsindən sonra qüvvəyə minir.

2.5. CAMPADEMY təqdim edilmiş məlumatların düzgünlüyünü yoxlamaq, zəruri hallarda əlavə məlumat və ya sənəd tələb etmək hüququna malikdir.

2.6. Minimum iştirakçı sayı formalaşmadıqda, proqramın təşkili ilə bağlı obyektiv səbəblər yarandıqda və ya digər əsaslandırılmış hallarda CAMPADEMY proqramın başlanma tarixini dəyişə, iştirakçını uyğun digər qrupa yönləndirə və ya proqramı ləğv edə bilər.

2.7. İştirakçı yalnız yaş qrupuna uyğun proqramda iştirak edə bilər. CAMPADEMY zəruri hesab etdikdə, Valideynin razılığı ilə iştirakçını daha uyğun qrupa yönləndirə bilər.

2.8. Proqram üzrə yerlər məhduddur. Qeydiyyatlar CAMPADEMY tərəfindən müəyyən edilmiş qəbul meyarlarına və mövcud yerlərin sayına uyğun olaraq təsdiqlənir.

2.9. Proqramın başlanmasından əvvəl CAMPADEMY proqramın keçirilmə yeri, tarixləri, gündəlik cədvəli, gətirilməsi tövsiyə olunan əşyalar və digər təşkilati məlumatları Valideynə elektron qaydada təqdim edir.

2.10. Proqram müddətində iştirakçının təhlükəsizliyinə, sağlamlığına və ya proqramın normal gedişinə təsir göstərə biləcək hallar müəyyən edildikdə, CAMPADEMY əlavə məlumat tələb edə və ya zəruri tədbirlər görə bilər.

2.11. Valideyn tərəfindən qeydiyyat zamanı təqdim edilmiş məlumatlarda bilərəkdən yanlış və ya natamam məlumatların verildiyi aşkar edildikdə, CAMPADEMY qeydiyyatı ləğv etmək və ya iştirakçının proqramda iştirakını dayandırmaq hüququna malikdir.

2.12. Qeydiyyatın təsdiq edilməsi və proqramda iştirak hüququ yalnız qeydiyyat zamanı göstərilmiş iştirakçıya aiddir. CAMPADEMY-nin yazılı razılığı olmadan iştirakçı başqa şəxslə əvəz edilə bilməz.

III FƏSİL. GƏLİŞ VƏ ÇIXIŞ QAYDALARI

3.1. İştirakçı proqramın ilk günü və sonrakı günlərdə CAMPADEMY tərəfindən əvvəlcədən müəyyən edilmiş məkan və vaxtda təhvil verilməli, proqram başa çatdıqdan sonra isə CAMPADEMY tərəfindən müəyyən edilmiş məkan və vaxtda Valideyn və ya səlahiyyətli şəxs tərəfindən təhvil alınmalıdır.

3.2. İştirakçı CAMPADEMY tərəfindən müəyyən edilmiş təhvilvermə məntəqəsinə və ya proqramın başlanma vaxtına gecikdiyi halda, proqramın gedişini pozmamaq məqsədilə CAMPADEMY proqramı gecikdirmədən davam etdirmək hüququna malikdir. Bu halda iştirakçının proqrama sonradan qoşulması yalnız CAMPADEMY tərəfindən mümkün hesab edildikdə təmin edilir.

3.3. İştirakçının proqram məkanına gətirilməsi və proqram başa çatdıqdan sonra aparılması Valideyn və ya onun əvvəlcədən CAMPADEMY-yə bildirdiyi səlahiyyətli şəxs tərəfindən həyata keçirilməlidir.

3.4. İştirakçı yalnız qeydiyyat zamanı və ya sonradan Valideyn tərəfindən əvvəlcədən yazılı və ya elektron qaydada bildirilmiş şəxsə təhvil verilə bilər.

3.5. Valideyn iştirakçının başqa şəxs tərəfindən aparılmasını istəyirsə, bu barədə əvvəlcədən CAMPADEMY-ni yazılı və ya elektron qaydada məlumatlandırmalıdır.

3.6. Əvvəlcədən məlumat verilmədiyi və ya iştirakçını aparmağa gələn şəxsin səlahiyyəti təsdiq olunmadığı hallarda CAMPADEMY iştirakçını həmin şəxsə təhvil verməkdən imtina edə bilər.

3.7. Valideyn iştirakçını proqram başa çatdıqdan sonra mümkün qədər müəyyən edilmiş vaxtda təhvil almalıdır. Gecikmə hallarında Valideyn CAMPADEMY-ni əvvəlcədən məlumatlandırmalıdır.

3.8. CAMPADEMY tərəfindən təşkil olunan nəqliyyatdan istifadə edən iştirakçılar müəyyən edilmiş təhvilvermə məntəqəsinə və vaxtına riayət etməlidirlər. Nəqliyyat vasitəsinin gecikən iştirakçını gözləməsi CAMPADEMY-nin öhdəliyi deyildir.

3.9. İştirakçının təkrar və ya əsassız gec təhvil alınması proqramın təşkilinə maneə yaratdıqda, CAMPADEMY Valideynlə əlaqə saxlayaraq məsələnin aradan qaldırılması üçün tədbirlər görə bilər.

3.10. Proqram müddətində iştirakçının proqram məkanını CAMPADEMY əməkdaşının müşayiəti və ya Valideynin əvvəlcədən razılaşdırılmış müraciəti olmadan tərk etməsinə icazə verilmir.

3.11. Proqramın gedişinə mane olmamaq məqsədilə Valideynin proqram keçirilən əraziyə daxil olması yalnız CAMPADEMY tərəfindən müəyyən edilmiş qaydada və zəruri hallarda mümkündür.

3.12. İştirakçı proqram müddətində təhlükəsizlik məqsədilə CAMPADEMY tərəfindən müəyyən edilmiş giriş-çıxış, qeydiyyat və nəzarət prosedurlarına əməl etməlidir.

3.13. Valideynin və ya səlahiyyətli şəxsin proqram başa çatdıqdan sonra iştirakçını uzun müddət təhvil almaması və CAMPADEMY ilə əlaqə saxlamaması hallarında CAMPADEMY iştirakçının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericiliyə uyğun zəruri tədbirlər görə bilər.

3.14. Proqramın keçirildiyi təhsil müəssisəsinin və ya digər obyektin giriş-çıxış qaydaları, təhlükəsizlik tələbləri və buraxılış rejimi iştirakçılar və Valideyn üçün məcburidir.

IV FƏSİL. DAVRANIŞ VƏ İNTİZAM QAYDALARI

4.1. İştirakçı proqram müddətində digər iştirakçılara, CAMPADEMY əməkdaşlarına, təlimçilərə, müəllimlərə, tərəfdaş təşkilatların əməkdaşlarına və proqramın keçirildiyi məkanın işçi heyətinə hörmətlə yanaşmalıdır.

4.2. İştirakçı proqramın bütün fəaliyyətlərində təhlükəsizlik qaydalarına və CAMPADEMY əməkdaşlarının qanuni göstərişlərinə əməl etməlidir.

4.3. İştirakçı proqramın normal gedişinə mane olan davranışlardan, digər iştirakçıların hüquqlarını pozan hərəkətlərdən və təhlükə yaradan davranışlardan çəkinməlidir.

4.4. Aşağıdakı davranışlara yol verilmir:

  • fiziki zorakılıq;
  • psixoloji təzyiq və ya bullinq;
  • hədə-qorxu gəlmək;
  • təhqir, nalayiq ifadələr işlətmək;
  • ayrı-seçkilik yaradan davranışlar;
  • digər iştirakçıların əşyalarına icazəsiz müdaxilə etmək;
  • CAMPADEMY-nin və ya proqram keçirilən məkanın əmlakına zərər vurmaq;
  • proqramın keçirilməsinə qəsdən mane olmaq.

4.5. İştirakçı proqram zamanı müəllimlərin, təlimçilərin və digər məsul əməkdaşların verdiyi qanuni göstərişlərə əməl etməlidir.

4.6. İştirakçı təhlükəli hərəkətlərə, zarafat məqsədilə belə olsa, digər şəxslərin sağlamlığına və təhlükəsizliyinə risk yaradan davranışlara yol verməməlidir.

4.7. İştirakçı proqram müddətində proqramın məqsədinə uyğun davranmalı, digər iştirakçıların təlim və fəaliyyətlərdə iştirakına mane olmamalıdır.

4.8. İştirakçı proqram zamanı CAMPADEMY tərəfindən qadağan edilmiş əşyaları gətirməməli və istifadə etməməlidir. Qadağan olunan əşyaların siyahısı bu Qaydaların digər müddəaları və ya CAMPADEMY tərəfindən əvvəlcədən verilən məlumat əsasında müəyyən edilir.

4.9. İştirakçı proqram müddətində müəllif hüquqlarına, şəxsi həyata və digər iştirakçıların məxfiliyinə hörmət etməlidir. Digər şəxslərin foto və ya video çəkilişini onların və ya CAMPADEMY-nin razılığı olmadan paylaşmaq yolverilməzdir.

4.10. Bu Qaydaların pozulması halında CAMPADEMY pozuntunun xarakterindən, ağırlıq dərəcəsindən və təkrar olunub-olunmamasından asılı olaraq iştirakçıya xəbərdarlıq edə, Valideyni məlumatlandıra, iştirakçının müəyyən fəaliyyətlərdə iştirakını müvəqqəti məhdudlaşdıra və ya xüsusilə bu Qaydaların 4.4-cü bəndində göstərilən hallarda, habelə iştirakçının özünün və ya digər şəxslərin təhlükəsizliyinə risk yaradan, proqramın normal gedişini ciddi şəkildə pozan və ya təkrar kobud intizam pozuntuları törədən hallarda iştirakçının proqramda iştirakına xitam verə bilər.

4.11. İştirakçı proqram müddətində digər iştirakçıların dini, dili, milliyyəti, cinsi, fiziki xüsusiyyətləri və digər fərdi xüsusiyyətləri ilə bağlı təhqiredici və ya ayrı-seçkilik xarakterli davranışlara yol verməməlidir.

4.12. İştirakçı proqram zamanı digər iştirakçıları proqram qaydalarını pozmağa təşviq etməməli və ya bu məqsədlə hərəkətlər etməməlidir.

V FƏSİL. TƏHLÜKƏSİZLİK QAYDALARI

5.1. İştirakçı proqram müddətində şəxsi və digər iştirakçıların təhlükəsizliyinə diqqət yetirməli, CAMPADEMY əməkdaşlarının təhlükəsizliklə bağlı göstərişlərinə əməl etməlidir.

5.2. İştirakçı proqramın keçirildiyi ərazini və ya CAMPADEMY tərəfindən müəyyən edilmiş sərhədləri məsul əməkdaşın icazəsi və müşaiyəti olmadan tərk edə bilməz.

5.3. İştirakçı proqram zamanı özünün və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yarada biləcək davranışlardan çəkinməlidir.

5.4. İştirakçı təhlükəsizlik məqsədilə istifadə olunan avadanlıqlara, nişanlara, maneələrə və digər təhlükəsizlik vasitələrinə qəsdən müdaxilə etməməlidir.

5.5. Fövqəladə hadisə, yanğın, təbii fəlakət, texniki nasazlıq və ya digər təhlükəli vəziyyət yarandıqda iştirakçı CAMPADEMY əməkdaşlarının göstərişlərinə dərhal əməl etməlidir.

5.6. İştirakçı proqram zamanı təhlükəli hesab olunan əşyaları (kəsici və deşici alətlər, partlayıcı və yandırıcı maddələr, pirotexniki vasitələr və digər təhlükə yarada biləcək əşyalar) proqram ərazisinə gətirə və istifadə edə bilməz.

5.7. İştirakçı hər hansı qəza, xəsarət, təhlükəli vəziyyət və ya digər fövqəladə hal barədə dərhal CAMPADEMY əməkdaşına məlumat verməlidir.

5.8. Proqramın keçirildiyi məkanın təhlükəsizlik qaydalarına, giriş-çıxış rejiminə və istifadə tələblərinə bütün iştirakçılar əməl etməlidirlər.

5.9. İştirakçı təhlükəsizlik məqsədilə təşkil olunan təlimatlandırmalarda və zəruri hallarda təxliyə tədbirlərində iştirak etməlidir.

5.10. Təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması, digər şəxslərin həyat və sağlamlığı üçün real risk yaradılması və ya CAMPADEMY əməkdaşlarının qanuni göstərişlərinə qəsdən əməl edilməməsi hallarında CAMPADEMY bu Qaydalar və Müqavilə ilə nəzərdə tutulmuş tədbirləri tətbiq edə bilər.

5.11. İştirakçı proqram zamanı istifadə olunan idman, oyun, laboratoriya, STEAM, robototexnika, hovuz, su fəaliyyəti və digər avadanlıq, məkan və fəaliyyətlərdə yalnız CAMPADEMY əməkdaşlarının nəzarəti, təhlükəsizlik qaydaları və qanuni göstərişləri əsasında iştirak edə və onlardan istifadə edə bilər.

5.12. Proqram çərçivəsində ekskursiya, səfər və ya digər açıq hava fəaliyyətləri təşkil edildikdə iştirakçılar marşrut, toplanış, təhlükəsizlik və nəzarət qaydalarına tam riayət etməlidirlər.

5.13. Proqram çərçivəsində gecələmə nəzərdə tutulduğu hallarda iştirakçılar yerləşdirmə, gecə təhlükəsizliyi, otaq bölgüsü, sakitlik saatları və digər daxili qaydalara əməl etməlidirlər. CAMPADEMY zərurət yarandıqda otaq bölgüsündə dəyişiklik etmək hüququna malikdir.

5.14. Gecələmə proqramlarında iştirakçıların icazəsiz olaraq otaqları dəyişməsi, gecə saatlarında otaqları tərk etməsi və ya digər iştirakçıların yerləşdiyi otaqlara daxil olması qadağandır.

5.15. CAMPADEMY təhlükəsizlik məqsədilə proqramın gedişində istifadə olunan fəaliyyətlərin keçirilmə qaydasını, marşrutunu, otaq bölgüsünü, nəqliyyat vasitəsini və digər təşkilati məsələləri dəyişdirmək hüququna malikdir. Bu dəyişikliklər iştirakçıların təhlükəsizliyinin təmin edilməsi və proqramın səmərəli təşkili məqsədi daşıyır.

5.16. CAMPADEMY təhlükəsizlik məqsədilə hər bir fəaliyyət üzrə iştirak şərtlərini, istifadə qaydalarını, yaş məhdudiyyətlərini, təhlükəsizlik tələblərini və digər zəruri qaydaları müəyyən etmək və proqramın gedişində tətbiq etmək hüququna malikdir. İştirakçı və Valideyn bu qaydalara əməl etməlidirlər. Təhlükəsizlik qaydalarının pozulması həmin fəaliyyət üzrə iştirakın məhdudlaşdırılması və ya dayandırılması ilə nəticələnə bilər.

5.20. Təhlükəsizlik məqsədilə CAMPADEMY əməkdaşı hər hansı fəaliyyət zamanı iştirakçının həmin fəaliyyətdə iştirakını onun və ya digər şəxslərin təhlükəsizliyi baxımından məqsədəuyğun hesab etmədikdə, iştirakçının həmin fəaliyyətdə iştirakını müvəqqəti və ya tam məhdudlaşdıra bilər. Bu halda iştirakçı üçün imkan daxilində alternativ fəaliyyət təşkil edilə bilər.

VI FƏSİL. ŞƏXSİ ƏŞYALAR VƏ ELEKTRON CİHAZLAR

6.1. İştirakçı proqrama yalnız proqramın keçirilməsi üçün zəruri olan şəxsi əşyaları gətirməlidir.

6.2. Valideyn iştirakçının proqram zamanı istifadə etməsi üçün zəruri hesab etdiyi şəxsi əşyaların təhlükəsiz istifadəsi barədə iştirakçını əvvəlcədən məlumatlandırmalıdır.

6.3. İştirakçının proqrama yalnız mobil telefon gətirməsinə icazə verilir. Planşet, noutbuk, smart saat, oyun konsolu və digər elektron cihazların proqram ərazisinə gətirilməsi qadağandır.

6.4. Təlim, seminar, komanda fəaliyyəti, oyun, laboratoriya, STEAM məşğələləri və digər proqram fəaliyyətləri zamanı elektron cihazlardan istifadə qadağandır, istisna hallarda isə yalnız CAMPADEMY əməkdaşının icazəsi ilə mümkündür.

6.5. İştirakçı elektron cihazlardan istifadə etməklə proqramın gedişinə mane olduqda, CAMPADEMY əməkdaşlarının qanuni göstərişlərinə əməl etmədikdə və ya cihazdan bu Qaydaların tələblərinə zidd şəkildə istifadə etdikdə, CAMPADEMY həmin cihazı proqramın sonunadək və ya müəyyən edilmiş müddət ərzində müvəqqəti saxlamaq hüququna malikdir. Cihaz proqram başa çatdıqdan sonra iştirakçıya və ya Valideynə qaytarılır.

6.6. İştirakçı CAMPADEMY-nin əvvəlcədən razılığı olmadan digər iştirakçıların, Valideynlərin, əməkdaşların və ya proqramın keçirildiyi məkanın foto, video və ya səs yazısını çəkə, sosial şəbəkələrdə canlı yayım aça, paylaşım edə və ya digər formada yayımlaya bilməz.

6.7. 6.6-cı bəndin tələblərinin pozulması, digər iştirakçıların şəxsi həyatının və məxfiliyinin pozulması, proqramın təhlükəsizliyinə risk yaradılması və ya bu Qaydaların digər ciddi pozuntuları intizam tədbirlərinin tətbiq edilməsinə, o cümlədən iştirakçının proqramdan kənarlaşdırılmasına əsas ola bilər.

6.8. Valideyn proqram müddətində iştirakçı ilə əlaqə saxlamaq zərurəti yarandıqda birbaşa CAMPADEMY tərəfindən təqdim edilmiş rəsmi əlaqə vasitələrindən istifadə etməlidir. Zəruri hallarda CAMPADEMY iştirakçının Valideynlə əlaqə saxlamasını təmin edir.

6.9. Elektron cihazlardan istifadə nəticəsində digər iştirakçıların şəxsi məlumatlarının, foto və ya video görüntülərinin icazəsiz yayılması, sosial şəbəkələrdə paylaşılması və ya canlı yayımlanması ciddi intizam pozuntusu hesab edilir.

6.10. İştirakçının proqrama yüksək məbləğdə pul, qiymətli zinət əşyaları və ya digər dəyərli əşyalar gətirməsi qadağandır.

6.11. CAMPADEMY-yə təhvil verilməmiş şəxsi əşyaların itirilməsi, oğurlanması və ya zədələnməsi hallarında CAMPADEMY yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

6.12. İştirakçı tərəfindən tapılmış digər şəxslərə məxsus əşyalar dərhal CAMPADEMY əməkdaşına təhvil verilməlidir.

6.13. İştirakçı digər iştirakçıların şəxsi əşyalarından onların icazəsi olmadan istifadə edə bilməz.

6.14. CAMPADEMY proqramın xüsusiyyətləri nəzərə alınmaqla müəyyən əşyaların proqrama gətirilməsini qadağan edə və ya məhdudlaşdıra bilər. Bu barədə Valideyn əvvəlcədən məlumatlandırılır.

6.15. Bu Qaydaların tələblərinin pozulması nəticəsində CAMPADEMY tərəfindən müvəqqəti saxlanılan əşyalar proqram başa çatdıqdan sonra iştirakçıya və ya Valideynə qaytarılır.

6.16. İştirakçının proqram üçün zəruri olmayan və ya təhlükəsizlik baxımından uyğun hesab edilməyən əşyaları proqram ərazisinə gətirməsinə CAMPADEMY tərəfindən məhdudiyyət qoyula bilər.

6.17. İştirakçı proqram başa çatdıqdan sonra şəxsi əşyalarını tam şəkildə götürməlidir. Unudulmuş əşyalar müəyyən müddət ərzində CAMPADEMY tərəfindən saxlanılır, bu müddətdən sonra isə onların taleyi CAMPADEMY tərəfindən müəyyən edilir.

VII FƏSİL. QİDALANMA VƏ XÜSUSİ TƏLƏBLƏR

7.1. İştirakçılar proqram çərçivəsində CAMPADEMY tərəfindən təşkil olunan qidalanma qaydasına əməl etməlidirlər.

7.2. Valideyn qeydiyyat zamanı iştirakçının xüsusi qidalanma tələbləri, qida allergiyası və ya digər sağlamlıqla bağlı məhdudiyyətləri barədə düzgün və tam məlumat təqdim etməlidir.

7.3. Qeydiyyat zamanı bildirilməmiş qida allergiyası, xüsusi pəhriz və ya digər sağlamlıq məhdudiyyətləri nəticəsində yaranan hallara görə CAMPADEMY yalnız qanunvericilikdə nəzərdə tutulmuş həddə məsuliyyət daşıyır.

7.4. İştirakçıya kənardan qida və içki gətirilməsi yalnız CAMPADEMY-nin əvvəlcədən razılığı ilə mümkündür.

7.5. İştirakçılar digər iştirakçılarla qida, içki, dərman və ya sağlamlığa təsir göstərə biləcək digər məhsulları CAMPADEMY əməkdaşının icazəsi olmadan paylaşmamalıdırlar.

7.6. CAMPADEMY proqram çərçivəsində təqdim olunan menyuda zəruri hallarda təşkilati dəyişikliklər etmək hüququna malikdir. Bu dəyişikliklər iştirakçıların sağlamlığına və təhlükəsizliyinə uyğun şəkildə həyata keçirilir.

7.7. İştirakçının sağlamlıq vəziyyətində proqram müddətində dəyişiklik baş verdikdə və ya qida ilə bağlı hər hansı narahatlıq yarandıqda, bu barədə dərhal CAMPADEMY əməkdaşına məlumat verilməlidir.

7.8. Valideyn tərəfindən təqdim edilmiş xüsusi qidalanma tələblərinin təmin olunması CAMPADEMY-nin imkanları daxilində həyata keçirilir. Təhlükəsizlik və ya obyektiv səbəblərlə müəyyən tələbin təmin edilməsi mümkün olmadıqda, CAMPADEMY bu barədə Valideyni əvvəlcədən məlumatlandırır.

7.9. İştirakçılar proqram çərçivəsində təqdim edilməyən və ya mənşəyi məlum olmayan qida məhsullarını digər iştirakçılara təqdim etməməli və istehlak etməməlidirlər.

7.10. Dini, tibbi və ya digər əsaslandırılmış xüsusi qidalanma tələbləri qeydiyyat zamanı bildirilməlidir.

7.11. Qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə CAMPADEMY proqram zamanı qidalanmanın təşkili ilə bağlı əlavə daxili qaydalar müəyyən edə bilər və iştirakçılar həmin qaydalara əməl etməlidirlər.

7.12. CAMPADEMY tərəfindən təqdim olunan gündəlik qidalanma menyusu proqram başlamazdan əvvəl və ya proqram müddətində Valideyn Portalında elektron formada yerləşdirilir. Valideyn menyu ilə tanış olmaq və iştirakçının qidalanması ilə bağlı hər hansı allergiya, xüsusi pəhriz və ya digər məhdudiyyət aşkar etdikdə, bu barədə proqram başlamazdan əvvəl və ya müvafiq qidalanmadan əvvəl CAMPADEMY-ni dərhal məlumatlandırmalıdır. Menyu ilə bağlı vaxtında bildirilməyən xüsusi qidalanma tələbləri və ya allergiyalar nəticəsində yaranan hallara görə CAMPADEMY yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş həddə məsuliyyət daşıyır.

VIII FƏSİL. SAĞLAMLIQ, GİGİYENA VƏ SANİTARİYA QAYDALARI

8.1. İştirakçılar proqram müddətində şəxsi gigiyena qaydalarına riayət etməli və təmizliyə diqqət yetirməlidirlər.

8.2. İştirakçılar proqramın keçirildiyi ərazidə təmizliyin qorunmasına, tullantıların yalnız bunun üçün nəzərdə tutulmuş yerlərə atılmasına və sanitariya qaydalarına əməl etməlidirlər.

8.3. İştirakçı özündə hərarət, yoluxucu xəstəlik əlamətləri, qəfil narahatlıq və ya digər sağlamlıq problemi hiss etdikdə bu barədə dərhal CAMPADEMY əməkdaşına məlumat verməlidir.

8.4. İştirakçılar digər iştirakçılara məxsus dərman vasitələrindən, gigiyena vasitələrindən və şəxsi istifadə əşyalarından istifadə etməməlidirlər.

8.5. İştirakçı tərəfindən proqram müddətində hər hansı xəsarət, qəza və ya sağlamlıqla bağlı hadisə baş verdikdə CAMPADEMY əməkdaşları vəziyyətə uyğun tədbirlər görür və zəruri hallarda Valideyni məlumatlandırırlar.

8.6. İştirakçılar proqramın keçirildiyi məkanın gigiyena və sanitariya qaydalarına əməl etməlidirlər.

8.7. Gecələmə proqramlarında iştirakçılar yataq otaqlarının, sanitar qovşaqların və ümumi istifadə sahələrinin təmiz saxlanılmasına və müəyyən edilmiş gigiyena qaydalarına riayət etməlidirlər.

8.8. İştirakçılar proqram müddətində şəxsi gigiyena vasitələrindən düzgün istifadə etməli və onları digər iştirakçılarla paylaşmamalıdırlar.

8.9. İştirakçının sağlamlıq vəziyyətinin proqramda iştirakını təhlükəli etdiyi, yoluxucu xəstəlikdən şübhələnildiyi, digər iştirakçıların sağlamlığı üçün risk yaratdığı və ya tibbi səbəblərlə proqramda iştirakını davam etdirməsinin məqsədəuyğun olmadığı hallarda CAMPADEMY iştirakçının proqramda iştirakını müvəqqəti dayandıra, Valideyni dərhal məlumatlandıra və iştirakçının Valideyn tərəfindən təhvil alınmasını tələb edə bilər. İştirakçı yalnız proqramda iştirakına mane olan hal aradan qalxdıqdan sonra CAMPADEMY-nin razılığı ilə proqrama yenidən qoşula bilər.

8.10. CAMPADEMY proqramın təhlükəsiz və sağlam mühitdə keçirilməsi məqsədilə sanitariya, gigiyena və sağlamlığın qorunması ilə bağlı əlavə qaydalar müəyyən edə bilər və iştirakçılar həmin qaydalara əməl etməlidirlər.

IX FƏSİL. MÜRACİƏTLƏR, ŞİKAYƏTLƏR VƏ ƏLAQƏ

9.1. Valideyn proqramın təşkili, təhlükəsizlik, xidmətlərin göstərilməsi və ya digər məsələlərlə bağlı müraciət, təklif və ya şikayətini CAMPADEMY-yə yazılı və ya elektron qaydada təqdim edə bilər.

9.2. CAMPADEMY daxil olmuş müraciət və şikayətləri Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili prosedurlarına uyğun qaydada araşdırır və nəticəsi barədə Valideyni məlumatlandırır.

9.3. Valideyn proqram müddətində təcili məsələlər üzrə yalnız CAMPADEMY tərəfindən təqdim edilmiş rəsmi əlaqə vasitələrindən istifadə etməlidir.

9.4. CAMPADEMY proqramla bağlı bildirişləri, məlumatları və digər zəruri informasiyanı Valideyn Portalı, elektron poçt, SMS və ya digər rəsmi elektron əlaqə vasitələri ilə təqdim edə bilər.

9.5. Valideyn qeydiyyat zamanı təqdim etdiyi əlaqə məlumatlarının düzgünlüyünə görə məsuliyyət daşıyır və bu məlumatlarda dəyişiklik olduqda CAMPADEMY-ni gecikdirmədən məlumatlandırmalıdır.

9.6. Valideyn tərəfindən təqdim edilmiş əlaqə vasitələrinə göndərilmiş bildirişlər, elektron məktublar və digər məlumatlar göndərildiyi andan etibarən təqdim edilmiş hesab olunur, əgər texniki nasazlıq və ya digər obyektiv səbəblər sübuta yetirilməzsə.

9.7. Valideyn proqramın gedişinə mane ola biləcək halların qarşısını almaq məqsədilə CAMPADEMY əməkdaşlarına qarşı təhqiramiz, hədələyici və ya aqressiv davranışlara yol verməməlidir.

9.8. CAMPADEMY proqramın keyfiyyətinin artırılması məqsədilə Valideynlərin rəy və təkliflərini nəzərə almaq hüququna malikdir.

9.9. CAMPADEMY bu Qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dəyişdirmək və ya yeniləmək hüququna malikdir. Yenilənmiş qaydalar CAMPADEMY-nin rəsmi internet səhifəsində və ya Valideyn Portalında yerləşdirilir və zəruri hallarda Valideynlərə elektron qaydada bildirilir.

9.10. Proqram zamanı yaranmış hər hansı problem və ya narahatlıq barədə Valideyn ilk növbədə CAMPADEMY-yə müraciət etməli, məsələnin operativ şəkildə araşdırılması və həlli üçün CAMPADEMY-yə imkan yaratmalıdır.

9.11. Valideyn tərəfindən təqdim edilmiş müraciət və ya şikayət araşdırılarkən CAMPADEMY əlavə məlumat, sənəd və ya izahat tələb edə bilər. Valideyn bu məlumatları ağlabatan müddətdə təqdim etməlidir.

X FƏSİL. YEKUN MÜDDƏALAR

10.1. Bu Daxili Qaydalar CAMPADEMY tərəfindən təşkil olunan bütün proqramların İştirakçıları və onların Valideynləri üçün məcburidir.

10.2. Valideyn qeydiyyat zamanı bu Daxili Qaydalarla tanış olduğunu və onların tələblərinə əməl etməyi qəbul etdiyini elektron qaydada təsdiq edir.

10.3. Bu Daxili Qaydalar Valideyn ilə CAMPADEMY arasında bağlanmış Müqavilənin ayrılmaz tərkib hissəsidir və Müqavilə ilə birlikdə tətbiq edilir.

10.4. Bu Daxili Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tətbiq və təfsir olunur.

10.5. CAMPADEMY Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bu Daxili Qaydalara dəyişiklik və əlavələr etmək hüququna malikdir. Daxili Qaydaların qüvvədə olan aktual redaksiyası CAMPADEMY-nin rəsmi internet səhifəsində və ya Valideyn Portalında yerləşdirilir və həmin redaksiya əvvəlki redaksiyanı əvəz edir. Dəyişikliklərdə fərqli tarix göstərilmədiyi halda onlar dərc edildiyi və ya Valideynə elektron qaydada bildirildiyi tarixdən qüvvəyə minir.

10.6. Bu Daxili Qaydalarda nəzərdə tutulmayan məsələlər Valideyn ilə bağlanmış Müqaviləyə, digər əlaqədar sənədlərə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll edilir.

10.7. Bu Daxili Qaydaların hər hansı müddəasının etibarsız hesab edilməsi digər müddəaların qüvvədə qalmasına təsir etmir.